Ermənistanda Erməni Apostol Kilsəsinin arxiyepiskopu Mikael Acapaxyan saxlanılıb.
İyunun 27-si səhər saatlarında Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları və polis kilsənin əsas məbədi - katolikos II Qareginin Armavir vilayətinin Eçmiədzin şəhərindəki iqamətgahına gəlib.
Şirak yeparxiyasının rəhbəri Acapaxyanın Gümrüdəki iqamətgahında da eyni vaxtda axtarış aparılıb. Onun barəsində hakimiyyəti ələ keçirməyə açıq çağırışlar maddəsi ilə cinayət işi açılıb.
Acapaxyan ruhanilərin toplantısı üçün Eçmiədzində idi və camaatın qarşısına çıxıb. "Baş verənlər tamamilə qanunsuzdur, amma mən heç vaxt gizlənməmişəm və indi də gizlənmək fikrində deyiləm. Ardımca gəliblər, gedəcəm. Mən bu ölkə üçün təhlükə deyiləm, təhlükə hökumətdədir", - Acapaxyan bildirib.
İqamətgahın girişində təhlükəsizlik qurumlarının nümayəndələri ilə din xadimləri arasında toqquşma olub. Keşişlər MTX əməkdaşlarının içəri girməsinə mane olmağa çalışıblar.
Sonradan Acapaxyan vəkili ilə birlikdə İstintaq Komitəsinə ifadə vermək üçün piyada Eçmiədzindən Yerevana gedib.
İyunun 25-də Ermənistan İstintaq Komitəsi bəyan edib ki, Erməni Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyanın müxalif "Müqəddəs mübarizə" hərəkatı terror aktları və hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdırır.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, hüquq-mühafizə orqanları "kriminal oliqarx" ruhanilərin ölkədə sabitliyi pozmaq üçün genişmiqyaslı planının qarşısını alıb. Hərəkat tərəfdarlarının evlərində axtarışlar aparılıb. Arxiyepiskop Qalstanyan saxlanılıb, sonra iki aylığa həbs edilib.
Daha əvvəl Paşinyan katolikos II Qareginın subaylıq andını pozduğunu iddia etmişdi.
Kilsə hesab edir ki, hökumət Ermənistan Apostol Kilsəsinin ölkədə və onun hüdudlarından kənarda nüfuzunu sarsıtmağa çalışır.
İyunda Yerevanda kilsənin dəstəkçisi rusiyalı milyarder Samvel Karapetyan həbs edilib. O da hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunub. Paşinyan onun energetika şirkətini milliləşdirməyə söz verib.