Xəbərlər
Hacı Vəliyevdən xəbər var

Bu gün, iyunun 30-da vəkil Aqil Layıc istintaq təcridxanasında "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevlə görüşüb.
Vəkl bildirib ki, Hacı Vəliyev iyunun 23-də müəssisə rəisinin onu qəbul etdiyini, sonra ona nəsə sənədə imza atdırmaq istədiyini deyib. H.Vəliyevin əlavə etməsinə görə, mətn ilə tanış olanda bəlli olub ki, güya daxili intizam qaydalarını pozub və bunu könüllü etiraf edir.
Aqil Layıc bildirib ki, Hacı Vəliyev sənədi imzalamaqdan imtina edib:
“Dərhal onu “karsa” salıblar. 23-27 iyun tarixlərində karsda saxlanılıb. Tural adlı gizir ona fiziki və mənəvi şiddət göstərib. Hacının başında iki dənə sıyrıq izi var. Özü qeyd etdi ki, Tural adlı gizir ona fiziki güc göstərərkən kafelə dəyərək əmələ gəlib.
Hacı aclıq aksiyasının nəticəsi olaraq xeyli zəifləmişdi, demək olar ki, yeriyə bilmirdi”.
Hacı Vəliyevin iyunun 21-dən həbsinə etiraz olaraq aclıq aksiyası keçirdiyi deyilir.
Müdafiə tərəfindən məsələ ilə bağlı Penitensiar Xidmətə və Ombudsman Aparatına müraciət edildiyi bildirilir.
Hələlik, bütün bu məlumatlara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Hacı Vəliyevin həbsdə işgəncəyə məruz qaldığı deyilir
"Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri olmuş Hacı Vəliyevin həbsdə işgəncəyə məruz qaldığı bildirilir.
Yaxınlarının bununla bağlı iyunun 27-də yaydığı məlumata görə, o, ailəsi ilə telefon əlaqəsi saxlayıb. Bildirildiyinə görə, baş nahiyəsindən xəsarət aldığını qeyd edən Hacı Vəliyev telefonda danışmaqda çətinlik çəkirmiş.
Yaxınları H.Vəliyevin taleyindən narahatdır.
Bu iddialara Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Xidmətdən, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində saxlanan şəxslərə işgəncə verilməsi ilə bağlı deyilənləri qəbul etmirlər.
H.Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
O, bu il aprelin 1-də həbs edilib. İttihami qəbul etmir. Onun həbsindən sonra "Gənc Qazilər" İctimai Birliyinin fəaliyyətini dayandırdığı açıqlanıb. Bu barədə həmin qurum adından yayılan məlumatda qeyd olunub ki, son dövrlər yaranmış bir sıra obyektiv, subyektiv səbəblər, o cümlədən üzvlər arasında əlaqələrin zəifləməsini nəzərə alaraq, təşkilatın fəaliyyəti ilə bağlı geniş müzakirələr aparılıb: "Yekun nəticə olaraq, birliyin fəaliyyətinin bu mərhələdə dayandırılmasının daha məqsədəuyğun olduğu qənaətinə gəlmişik".
H.Vəliyev sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınırdı. O, xüsusilə İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və ya həlak olanların ailələrinin problemlərini ictimailəşdirib.
"Gənc Qazilər" İB 2021-ci ildə "Qarabağ Qaziləri" İB-nin əsasında yaradılmışdı.
Ülvi Həsənli aclıq aksiyası keçirdiyini deyib

"AbzasMedia"nın direktoru Ülvi Həsənlinin saxlanıldığı Umbakı həbsxanasında işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə o, iyunun 30-da yaxınları ilə telefon danışığında məlumat verib.
Yaxınlarının sözlərinə görə, Həsənli bildirib ki, beş gündür aclıq aksiyası edir.
"Ülvinin səsi çox pis gəlirdi. Dedi ki, beş gündür aclıq edir. Ona heç bir şəxsi əşyası verilməyib, orada olduğu müddətdə əynindəki paltarları dəyişməyə imkan yaradılmayıb. Aclığa başladığına görə təzyiq və təhdidlərə məruz qalıb, ona işgəncə edilib", - Ü.Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva bildirib.
Jurnalistin xanımı əlavə edib ki, Ülviyə balaca körpələrinin olmasına baxmayaraq, ailəsiylə görüşə icazə verilməyəcəyi bildirilib, səbəb kimi də rəsmi nikahlarının olmaması göstərilib.
R.Quliyevanın dediyinə görə, Həsənliyə həbsxanaya köçürüləndən heç bir şəxsi əşyası verilməyib, beş gündür geyimini belə dəyişməyib.
Hələlik, bu məlumata Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Ülvi Həsənlidən xəbər yoxdur
Bundan öncə isə jurnalistin ailəsi ondan beş gündür xəbər alınmadığını açıqlamışdı. Bildirilirdi ki, Həsənli iyunun 26-da Bakının Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksə köçürüldükdən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Yaxınlarının verdiyi məlumata görə, Ü.Həsənli Bakı İstintaq Təcridxanasından Umbakıdakı penitensiar kompleksə köçürülmələrinə etiraz edib və burada saxlanılacağı halda, aclıq aksiyasına başlayacağını bildirib. Ailəsi Həsənlinin buna görə cərimə kamerasına (karser) salınmasından narahatdır.
Yaxınları hesab edirlər ki, həmin iş üzrə həbs olunan jurnalistlərin hökmləri qüvvəyə minmədən Bakı İstintaq Təcridxanasından (Kürdəxanı) Umbakı qəsəbəsində yerləşən penitensiar kompleksə köçürülməsi qanunsuzdur.
"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdəki 7 jurnalistə iyunun 20-də hökm oxunub. Nəşrin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, "Turan" İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının hər biri 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Jurnalistlər valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma, vergidən yayınma və s. əməllərdə suçlanır. Onlar ittihamları rədd edir, peşəkar jurnalist fəaliyyətlərinə, korrupsiya cinayətlərini ifşa edən araşdırmalarına görə cəzalandırıldıqlarını deyirlər.
"AbzasMedia" işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 370-dən çox siyasi məhbus var. Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunublar. Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.
DİN 'Sputnik Azərbaycan'la bağlı araşdırmaya başlayıb

Daxili İşlər Nazirliyində (DİN) “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) araşdırmalara başlanıb. Belə ki quruma filialın 2025-ci ilin fevralında akkreditasiyasının dayandırılmasına baxmayaraq, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair əməliyyat məlumatı daxil olub. Bu barədə DİN-in Mətbuat Xidməti bildirib.
"İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlananlar var", - məlumatda deyilir.
Hələlik, DİN-in bu məlumatına ““Rossiya Seqodnya" İnformasiya Agentliyi və Rusiyanin rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Bir müddət əvvəl "Rossiya Seqodnya"nın (Sputnik-Azərbaycan) nümayəndəliyi ləğv edilib. Yerli saytlarda yer alan məlumatlara görə, onlar yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Son illər Qərb ölkələrinin ayrı-ayrı kütləvi informasiya vasitələrinin Azərbaycandakı nümayəndəlikləri ard-arda bağlanıb. Bu ölkə qanunvericiliyinin tələbləri ilə izah edilib. Amma Rusiyanin media orqanlarına fərqli münasibət bəslənilib. Müstəqil ekspertlər hesab edirdilər ki, bu, ikili standartdır və Azərbaycanın Rusiya ilə "müttəfiqlik" əlaqələrindən irəli gəlir.
Son günlər Azərbaycanla Rusiya arasında gərginlik yaşanır. Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb, reyd zamanı iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Rusiyanın Bakıdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb, baş verənlərlə əlaqədar ona “kəskin etiraz” bildirilib. Bakı günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib.
Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, reyd ağır cinayətlərin istintaqı çərçivəsində aparılıb, vəziyyət nəzarətdədir. Qurumun sözçüsü Mariya Zaxarova deyib ki, söhbət 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayətlərdən gedir.
Vəkili Anar Məmmədli haqqında cinayət işinə xitam verilməsini istəyir, amma məhkəmə…

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM-in) rəhbəri, bir ildən çoxdur həbsdə olan Anar Məmmədlinin vəkili onun haqqında cinayət işinə xitam verilməsini istəyir. Vəkil Elçin Sadıqov bu barədə vəsatəti iyunun 30-da A.Məmmədlinin işi üzrə məhkəmənin hazırlıq iclasında təqdim edib.
A.Məmmədlinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, ictimai fəal Anar Abdulla ilə birlikdə mühakimə edilir.
Vəkil bildirib ki, cinayət işi əsassızdır, heç bir mötəbər sübut yoxdur və s.
Ancaq Aygün Qurbanovanın sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. Hakimin fikrincə, cinayət işinə xitam verilməsinə əsas yoxdur.
A.Məmmədli və A.Abdullanın işi məhkəmə baxışına verilib. Məhkəmə baxışı iyulun 7-nə təyin olunub.
Xatırlatma
A.Məmmədli ötən il aprelin 29-dan həbsdədir. Ona qarşı öncə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, istintaqın sonunda qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və s. əlavə maddələrlə ittiham ağırlaşdırılıb. Həmin maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
A.Məmmədlinin işi üzrə istintaqın sonunda A.Abdulla da təqsirləndirilən şəxs kimi cəlb edilib və haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.
A.Məmmədli özünü təqsirli bilmir, siyasi sifarişlə həbs olunduğunu deyir.
SMDT rəhbəri daha öncə 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt qanunsuz sahibkarlıq, vergidən yayınma və başqa ittihamlarla 5 il 6 ay azadlıqdan məhrum edilmişdi.
A.Məmmədli o zaman da ittihamları qəbul etməmişdi. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanımışdı. SMDT rəhbəri 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı
Daha bir xatırlatma
Bütövlükdə götürəndə, 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Daha sonra onlardan bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və başqa ittihamlardan gedir. Amma onların hamısı bu ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyir.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350 nəfərdən çox siyasi məhbus var.
Rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir.
İran Evin həbsxanasında İsrailin hava zərbələrindən ölənlərin sayını açıqlayıb

Keçən həftə İsrailin Tehrandakı Evin həbsxanasına endirdiyi hava zərbələri nəticəsində onlarla əməkdaş, iki məhkum və bir mülki şəxs həlak olanlar arasındadır. Bu həbsxana uzun illərdir siyasi məhbuslar və dissidentlərin saxlanıldığı cəzaçəkmə müəssisəsi kimi tanınır.
Zərbələr nəticəsində ölənlərin sayı iyunun 29-da İranın məhkəmə sistemi tərəfindən açıqlanıb və insan haqları qrupları tərəfindən təsdiqlənib.
İranın ədliyyə sisteminin sözçüsü Əsgər Cahangir "Mizan" xəbər agentliyinə bildirib ki, həbsxana işçiləri, əsgərlər, məhbuslar və ziyarətə gələn ailə üzvləri də daxil olmaqla, azı 71 nəfər həlak olub.
Rəsmilər itkilərlə bağlı dəqiq detalları açıqlamasa da, Vaşinqtonda yerləşən "İranda İnsan Haqları Fəalları" təşkilatının məlumatına görə, həlak olanların azı 35-i həbsxana əməkdaşı, ikisi isə məhkum olub. Digər qurbanlar arasında həbsxananın yaxınlığından keçən bir şəxs və həbsdə olan həyat yoldaşının işi ilə bağlı hakimlə görüşə gəlmiş bir qadın da var. Bu barədə "The Associated Press" yazıb.
İsrail və İran arasında atəşkəsin əldə olunmasından bir gün əvvəl, iyunun 23-də baş verən hücumda Evin həbsxanasının bir neçə binası vurulub. Hüquq müdafiəçiləri bildirib ki, İran hökuməti Evin həbsxanasında saxlanılan məhkumları qorumaqla bağlı hüquqi öhdəliyə malik idi. Hücumdan sonra "təxliyə etməmək, tibbi yardım göstərməmək və ailələri məlumatlandırmamaq" ittihamları ilə Tehran rəsmiləri sərt şəkildə tənqid olunub. Ancaq ölkənin ədliyyə sisteminin sözçüsü yaralılardan bəzilərinin yerində müalicə edildiyini, digərlərinin isə xəstəxanalara aparıldığını bildirib.
İran daha əvvəl həbsxanada ölənlərin sayını açıqlamasa da, iyunun 28-də müxalifləri, həmçinin Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədini mühakimə edən baş prokuror Əli Qanaatkarın hücumda öldürüldüyünü təsdiqləyib.
İsrailin həbsxananı niyə hədəfə aldığı isə, hələlik, aydın deyil, lakin bu hücum, İsrail Müdafiə Nazirliyinin "Tehranın mərkəzində rejim obyektləri və hökumətin repressiya qurumları"na zərbələr endirdiyini bəyan etdiyi gündə baş verib.
Senator Qrem: Tramp Rusiyaya daha sərt sanksiyaları dəstəkləyir

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı yeni qanun layihəsinin irəli sürülməsini dəstəkləyib. Bunu təşəbbüsün müəllifi respublikaçı senator Lindsi Qrem ABC telekanalına müsahibəsində deyib.
"Dünən qolf oynayarkən prezident ilk dəfə mənə dedi ki, artıq qanun layihəsini irəli aparmağın vaxtıdır", - Qrem bildirib. Vurğulayıb ki, senatorlar Trampa Rusiya prezidenti Vladimir Putini Ukrayna üzrə danışıqlara məcbur etmək üçün bir alət təqdim edir.
Senator həmçinin qanun layihəsinin işləmə mexanizmi barədə danışıb. Onun sözlərinə görə, əgər bir ölkə Rusiyadan mal almağa davam edir və, eyni zamanda, Ukraynaya yardım göstərmirsə, həmin ölkənin ABŞ-yə ixracına 500 faiz rüsum tətbiq olunacaq. Belə ölkələrə nümunə olaraq senator Hindistan və Çini göstərib, çünki onlar Rusiyadan enerji resursları alaraq bununla da Rusiyanın müdafiə sektoruna dəstək verirlər.
Qrem əlavə edib ki, təşəbbüsü artıq 100 senatorun 84-ü dəstəkləyir. Sənədin müzakirəsi iyul fasiləsindən sonra — 7 iyuldan etibarən planlaşdırılır.
Daha əvvəl Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı ziddiyyətli fikirlər səsləndirib. Bu, onun sanksiyaları tətbiq etməyə hazır olması barədə bəyanatlardan tutmuş, Moskva və Kiyev arasında potensial danışıqlara mane olmamaq üçün bundan çəkinməklə bağlı fikirlərini əhatə edir.
"The Wall Street Journal" mənbələri isə bildirib ki, Ağ ev Qremi sözügedən qanun layihəsini yumşaltmağa məcbur etməyə çalışıb. Senatora sənədə istisnalar əlavə etmək təklif olunub ki, bu da Trampa sanksiyalara kimlərin və ya nələrin tabe olacağını seçmək imkanı versin. Bundan əlavə, senatora qanun layihəsinin mətnində "müəyyən edilməlidir" sözünü "müəyyən edilə bilər" ilə əvəz etməsi təklif olunub ki, bununla da göstərişlərin məcburi xarakteri aradan qalxsın.
Bakıda gəncin yerin çökməsi nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb

Bakıda 28 yaşlı şəxsin kanalizasiya sularının axdığı kanala düşərək həlak olması ilə bağlı Baş Prokurorluqda cinayət işi açılıb.
Qurum iyunun 30-da bildirib ki, dörd gün əvvəl, saat 20:30-da 1997-ci il təvəllüdlü... Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Rəsmi açıqlamada həmin şəxsin meyitinin bir gün sonra tapıldığı vurğulanır: "Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Faktla əlaqədar Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb".
Hələlik, məsələyə Dövlət Su Ehtiyatları Agentliyi və həlak olan şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Həmin maddədə 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.
Rəsmi - Polis Ağdamda minaya düşüb

İyunun 30-da Ağdam rayon Polis Şöbəsinin əməkdaşının bu rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət aldığı bildirilir.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilir.
"Zərərçəkmiş şəxsin sağ ayağı topuqdan amputasiya edilib. Faktla bağlı araşdırma aparılır", - məlumatda vurğulanır.
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 70 civarında vətəndaşı minaya düşərək həlak olub, 300 civarında şəxs isə müxtəlif xəsarət alıblar. Onlar habelə əvvəl qeyd edirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Amma sonra Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi işğaldan azad edilən bir sıra rayonların minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd sonra da Azərbaycan rəsmiləri bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etdi. Rusiyanın vasitəçiliyi ilə həmin il noyabrın 10-da Azərbaycan və Ermənistan arasında atəşkəs əldə edildi. 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində isə Bakı bütün ölkə ərazisində suverenliyi bərpa etdiyini açıqladı. Rəsmi Bakı bunu "antiterror tədbiri", Yerevan isə "etnik təmizləmə" adlandırdı. Ondan sonra bölgədən erməni əhali Ermənistana köç etdi.
Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.
Avropa Parlamentinin üzvləri Azərbaycan rəsmilərinə sanksiyalar istəyirlər

Avropa Parlamentində Azərbaycanda jurnalistlərə, fəallara qarşı siyasi motivli məhkəmələr çərçivəsində çıxarılan qərarları pisləyən birgə bəyanat qəbul olunub. Parlamentin İnsan Hüquqları Alt komitəsinin sədri, deputat Munir Saturi, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin sədri, deputat Nils Uşakovs və Azərbaycan üzrə daimi məruzəçi, deputat Dan Barna Azərbaycanda siyasi motivli işlər üzrə jurnalistlərə, tədqiqatçılara və vətəndaş cəmiyyəti fəallarına qarşı sərt həbs cəzalarının verilməsi ilə bağlı narahatlıqlarını bildiriblər.
"Son günlər Azərbaycanda siyasi motivli işlərdə jurnalistlərə, tədqiqatçılara və fəallara verilən son dərəcə ağır həbs cəzaları bizi dəhşətə gətirir. Onların heç biri - eləcə də ölkədəki digər siyasi məhbuslar, - ümumiyyətlə, təqib olunmamalı idi. Lakin bu qeyri-adi dərəcədə ağır cəzalar hakimiyyət tənqidçilərinə qarşı Azərbaycanda davam edən repressiyanın daha da gücləndiyini göstərir", - bəyanatda deyilir.
Avropalı parlamentarilər "AbzasMedia"nın həbsdə olan əməkdaşları Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, fəal Məhəmməd Kekalov, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, talış tarixçi və etnoqraf İqbal Əbilov, müxalif fəal Tofiq Yaqublu, siyasi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun azadlıqdan məhrum edilməsi ilə bağlı çıxarılan məhkəmə hökmlərini xatırladıblar.
Birgə bəyanatda Aİ-nin Qlobal İnsan Hüquqları Sanksiya Rejimi çərçivəsində məsul Azərbaycan rəsmilərinə qarşı sanksiyaların tətbiqinə dair çağırış edilir: "Biz (Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə) ali nümayəndəni, (Avropa Komissiyasının) vitse-prezidenti və Avropa Xarici Fəaliyyət Xidmətini mövcud yolda rejimi cəsarətləndirəcək hər hansı addımdan qaçınmağa çağırırıq. Xatırladırıq ki, Parlament dəfələrlə Aİ ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq sazişi üçün bütün siyasi məhbusların azadlığa buraxılması və ölkədə insan haqları ilə bağlı durumun yaxşılaşdırılması şərtlərinin qoyulmasını tələb edib".
Rusiya Ukraynanın Dnepropetrovsk vilayətinə yenidən zərbələr endirib, ölənlər var

Rusiya qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinin Samara (keçmiş Novomoskovsk) şəhərinə raket zərbəsi endirib. Bu barədə vilayət administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, raket zərbəsi nəticəsində azı 5 nəfər ölüb, 20-dən çox yaralı var.
O əlavə edib ki, iyunun 24-də vilayətin Dnepr şəhərinə endirilən hava zərbələri nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb.
Ukrayna rəsmiləri bildirir ki, iyunun 27-i gecə saatlarında Rusiya qüvvələri Kiyev, Xarkov, Sumi və Xmelnitsk vilayətlərinə də hava zərbələri və dron hücumu edib.
Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb ki, Rusiyanın 363 dronundan 211-i məhv edilib, daha 148 dron isə radarlardan itib və hədəflərinə çatmayıb.
Bundan əlavə, Ukraynaya doğru səkkiz qanadlı və ballistik raket atıldığı, onlardan altısının vurulduğu qeyd olunub.
ABŞ-nin Rusiyadakı səfiri fəaliyyətini başa vurub

ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi diplomatik missiyasını başa çatdırıb və Moskvadan ayrılır. Bu barədə ABŞ səfirliyinin "Telegram" hesabında məlumat verilib.
"Səfir Treysinin hətta çətin anlarda belə dialoqa sadiqliyi əsl diplomatik liderliyin nümunəsidir", - səfirlik paylaşımda qeyd edib.
Vida nitqində Treysi bildirib ki, o, diplomatik missiya əməkdaşlarının "rus xalqı ilə münasibətlərin yaxşılaşdırılması və əlaqələrin saxlanılması" üzərində işləməyə davam edəcəklərinə ümid edir.
Rusiyada hərbi xidmətdən imtina ilə bağlı 20 mindən çox cinayət işi

Moskva Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsinə başlayandan bəri Rusiya məhkəmələrində hərbi hissəni icazəsiz tərk etmə, əmrə tabe olmama və fərarilik maddələri üzrə 20 min 538 iş qaldırılıb.
Bunu "Mediazona" saytı Rusiyanın məhkəmə saytlarının məlumatları əsasında hesablayıb.
Ən çox cinayət işi hərbi hissəni özbaşına tərk etmə maddəsi üzrə açılıb - 18 min 159. Daha sonra komandirin əmrinə tabe olmama – 1 min 369 və fərarilik – 1 min 10 iş təşkil edir.
Məhkəmələr 17.7 min təqsirləndirilən şəxs barəsində hökm çıxarıb. 2025-ci ilin aprelində məhkəmələr müvafiq işlər üzrə hər iş günündə orta hesabla 38 hökm çıxarıb və ay ərzində ümumilikdə 848 hökm elan olunub.
'Azərbaycanfilm' kinostudiyasında yanğın olub
İyunun 26-da Bakıda "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğın baş verdiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyi (FHN) vurğulayır ki, onlara Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub: "Yanğın qısa müddətdə söndürülüb".
İlkin məlumata görə, vətəndaşlardan xəsarət alan yoxdur.
Hələlik, hadisənin səbəbi açıqlanmır.
"Pirotexniki maddələr yığılan tikilidə partlayış..."
Yanğının kinofilm çəkilişlərində istifadə olunan pirotexniki maddələr yığılan tikilidə partlayış nəticəsində yarandığı bildirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) iyunun 27-də məlumat yayıb.
Məlumatda əlavə edilib ki, partlayış nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli tikilinin konstruksiyaları dağılıb: "Taxta qutularda yığılan digər pirotexniki vasitələr, üç ədəd propan qaz balonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır".
Hələlik, məsələyə "Azərbaycanfilm"in rəhbərliyindən münasibət bildirilməyib.
+++
Baş Prokurorluq bildirib ki, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb: "Kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib... Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır".
Maddələr bilindi
Baş Prokurorluq daha sonra, iyunun 30-da bildirib ki, toplanmış material üzrə Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi... digər ağır nəticələrə səbəb olduqda) və 224-cü (partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb.
Hələlik, buna "Azərbaycanfilm" kinostudiyasının rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
Həmin maddələr üzrə şəxslərə 5 ilə qədər həbs cəzası verilə bilər.
+++
"Azərbaycanfilm" kinostudiyasında bundan öncə də bir neçə dəfə yanğın olub. Sonuncu yanğın 2022-ci ilin mayın 20-də baş vermişdi. Onda hadisə zamanı 15-16 kvadratmetr ərazinin yandığı bildirilmişdi.
Son dönəmlər bu qurumun bir çox studiyalarının bağlandığı deyilir. Bu vəziyyət isə bu sahəyə hökumətin yetərli diqqət ayırmaması ilə izah edilir. Hərçənd rəsmilər çıxışlarında, bir qayda olaraq, Azərbaycanda dövlətin kinoya böyük qayğısından bəhs edirlər.
Cənubi Koreya kəşfiyyatı: KXDR yenidən Rusiyaya dəstək üçün qoşun göndərməyə hazırlaşır

Şimali Koreyanın iyul və ya avqustda Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə dəstək məqsədilə əlavə qoşun göndərəcəyi gözlənilir. "Yonhap" agentliyi yazır ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) bu barədə parlamentin kəşfiyyat komitəsi üçün təşkil etdiyi qapalı brifinqdə məlumat verib.
Daha əvvəl isə Rusiya mediası məlumat yaymışdı ki, Pxenyan Rusiyanın Kursk vilayətinə 6 minədək hərbi inşaatçı və minatəmizləyən göndərəcək. Bu, iki ölkə arasında hərbi əməkdaşlığın daha da dərinləşdiyinin mümkün göstəricisi kimi dəyərləndirilir.
NIS həmçinin məlumat verib ki, Şimali Koreya Rusiyaya 10 milyondan çox artilleriya mərmisi, raket və uzaqmənzilli silahlar verərək əvəzində Moskvadan iqtisadi əməkdaşlıq və texniki dəstək alıb.
Keçən il Rusiya və Şimali Koreya arasında qarşılıqlı hərbi yardımla bağlı maddənin yer aldığı tərəfdaşlıq sazişi imzalanıb. Cənubi Koreya və Qərb kəşfiyyatı 2024-cü ilin payızından bəri Rusiyaya 10 mindən çox Şimali Koreya əsgərinin gəldiyini və sonradan Ukrayna qoşunlarına qarşı döyüşlərdə iştirak etdiyini bildirib. Onların xeyli itki verdiyi qeyd olunub.
Rusiyada fotoqrafa vətənə xəyanət ittihamı ilə 16 il həbs verilib

Perm regional məhkəməsi fotoqraf Qriqori Skvortsovu dövlətə xəyanətdə təqsirli bilərək 16 il azadlıqdan məhrum edib. Bu barədə onun dəstək qrupu məlumat yayıb.
Skvortsov amerikalı jurnalistə sovet bunkerləri haqqında məxfi olmayan məlumatları göndərməkdə ittiham olunurdu.
İttiham tərəfi Skvortsovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Skvortsov özünü təqsirli saymır.
Q.Skvortsov sənaye obyektlərinin foto və video çəkilişləri üzrə ixtisaslaşıb. "Mediazona"nın yazdığına görə, o, hündür binaların damlarına və sənaye obyektlərinə çıxaraq çəkiliş aparmaqla məşğul olurdu (bu fəaliyyət qeyri-rəsmi olaraq "ruferlik" adlanır). O, həmçinin "Jagath" adlı qrupun təsisçisi idi. Bu qrup mədənlərdə, yarımçıq tikililərdə və zavod sexlərində qeyri-adi çıxışları ilə tanınır. "Pervıy otdel" yazır ki, Skvortsov 2022-ci ildə Almaniyanın "Sonic Seducer" nəşrinə verdiyi müsahibədə Ukraynadakı müharibəyə qarşı çıxıb. O, 2023-cü il noyabrın sonunda saxlanılıb. Daha sonra məlum olub ki, ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb və istintaq təcridxanasına göndərilib.
"Pervıy otdel"ə verdiyi müsahibədə Q.Skvortsov bildirib ki, o, "Sovet gizli bunkerləri: 1930–1960-cı illərin şəhər xüsusi fortifikasiyası" adlı açıq satışda olan kitabın müəllifi Dmitri Yurkovdan həmin kitaba əlavə materiallar - arxiv sənədlərinin fotolarını alıb. Onun sözlərinə görə, bu sənədlər artıq məxfilikdən çıxarılmışdı. Skvortsov bu materialları ABŞ-də yaşayan tanış jurnalistə göndərdiyini etiraf edib və bildirib ki, o, sadəcə bunu "ictimaiyyətlə bölüşmək istəyib".
Skvortsov bildirir ki, ona qarşı aparılan bu iş əslində xüsusi xidmət orqanlarının öz uğursuzluqlarını ört-basdır etmək cəhdidir, onlar açıq məlumatları sonradan "gizli" elan edərək məsuliyyəti öz üzərilərindən atmağa çalışırlar.
Fotoqrafa dəstək qrupu bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək və fəallar Skvortsovu da məhbus mübadiləsi üçün siyahıya daxil etməyə çalışacaqlar.